Polis rəisi: “Vilayət Eyvazov Lənkərana gəlməyib”
26 avqust 2013 11:32 (UTC +04:00)

Polis rəisi: “Vilayət Eyvazov Lənkərana gəlməyib”

“Daxili işlər nazirinin müavini Vilayət Eyvazovun “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçirilmiş Topaz Premyer Liqasının IV tur matçından sonra Lənkərana gəlişi barədə xəbərlər yalandır”. Bu haqda Lent.az-a Lənkəran şəhər Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov məlumat verib.

 

O bildirib ki, oyundan sonra baş verənlər haqda məlumatlar şişirdilir: “İnsident yalnız stadionun daxilində baş verib. Onun da qarşısını almışıq. Nə baş verib ki, ondan ötrü Vilayət müəllim də Lənkərana gəlsin, proseslərə burdan nəzarət eləsin? Oyun qurtaranda azarkeşlər stadionu tərk etmirdilər. Deyirdilər ki, mayın 28-də Bakıda keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra “Neftçi” komandası “Xəzər Lənkəran”a qarşı pis münasibət göstərib. Onlardan bəziləri xuliqanlıq etdiyi üçün 7 nəfər saxlanılıb, 1 polis əməkdaşı yüngül xəsarət alıb. Oyundan sonra Lənkəran küçələrində iğtişaşların törədildiyinə dair xəbərlər də doğru deyil. Azarkeşlər stadiondan çıxdıqdan sonra evlərinə dağılışıblar”.

 

M.Hüseynov “Neftçi” komandası və azarkeşlərinin, eləcə də Bakıdan oyunu işıqlandırmağa yollanmış jurnalistlərin oyundan sonra təhlükəsizlik məqsədilə Lənkəran şəhər stadionundan saxlanılması və gecə saat 01:30-da buraxılmasından xəbərsiz olduğunu da bildirib: “Bizim tərəfdən heç bir problem yox idi. Ola bilsin, oyundan sonra hamı yuyunub nahar edənədək bu qədər vaxt çəkib”. 

 

Qeyd edək ki, Lənkəran şəhər polis idarəsində Cinayət Məcəlləsinin  221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465
avatar

Oxşar yazılar