Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 23-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımovdan çəkisi 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin götürülüb.
Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 135 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq çəkisi 57 kiloqram 345 qram marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş Bəşir Soltanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şəki rayon sakini Çingiz Qarayevdən çəkisi 2 kiloqram 475 qram marixuana aşkar edilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Tariyel İsmayılovdan 9,5 qram marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “Opel” markalı avtomobildən isə əlavə 745 qram marixuana aşkar edilərək götürülüb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan Qarabaqqal kənd sakini Raqib Mürsəlovdan marixuana aşkar edilib. Əməliyyat-axtarış tədşbirləri ilə onun evindən əlavə olaraq 432 qram, idarə etdiyi “VAZ-2104” markalı avtomobilindən isə 17 qr marixuana aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayəti işləri başlanılıb.