Ermənistan Silahlı Qüvvələri ay ərzində döyüş şəraitində təxminən 30-a yaxın hərbi qulluqçusunu itirib
Bu ilin mart ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 682 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbələr vurublar.
Düşmən ay ərzində döyüş şəraitində təxminən 30-a yaxın hərbi qulluqçusunu itirib.
Azərbaycanın 4 hərbi qulluqçusu şəhid olub, bir əsgər isə kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.
Ötən ay Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub.
Mart ayında erməni silahlı bölmələri 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Ay ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 222 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonu gəlir (138 fakt).
Qarabağ cəbhəsi üzrə yanvarda Tərtər rayonu istiqamətində 67 dəfə, Xocavənd rayonu istiqamətində 50 dəfə, Goranboy rayonu istiqamətində 66 dəfə, Cəbrayıl rayonu istiqamətində 41 dəfə, Tovuz istiqamətinə 21 dəfə, Gədəbəy istiqamətində 26 dəfə, Göygöl rayonu istiqamətində isə 3 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.
Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Qazax rayonu istiqamətində 16, Ağstafa rayonu istiqamətində 6 dəfə pozub.
Qeyd edək ki, Ermənistan silahlı bölmələri fevral ayında atəşkəs rejimini 625 dəfə pozub.