Nüsrət Kəsəmənlinin oğlunun məhkəmədəki SON SÖZÜ
20 may 2014 10:32 (UTC +04:00)

Nüsrət Kəsəmənlinin oğlunun məhkəmədəki SON SÖZÜ

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ittiham olunan Araz Kəsəmənlinin məhkəmə istintaqı başa çatıb. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə residivist hesab olunan A.Kəsəmənli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə A.Kəsəmənli son söz deyib. Özü də çox maraqlıdır ki, əlləri qandallanmış halda. Təqsirləndirilən şəxsin son sözünü olduğu kimi təqdim edirik:

*     *     *

“Hörmətli məhkəmə! Bir az əvvələ qayıtsaq görərik ki, 1998-ci ildə mənim 21 yaşım olarkən xəbərim belə olmadığı işə görə məni 15 il azadlıqdan məhrum etdilər.

Heç kimi günahsızlığıma inandırmağa çalışmıram. Allah şahiddir, bu, mənə bəs edər. Allah səbr də verdi. Bu çətinliyə dözdüm. Yaşamaq həvəsi güc gəldi. Amma 3 ay azadlığı mənə haram etdilər. Mən hələ də inana bilmirəm ki, 2014-cü il, ədalət prinsiplərindən bu qədər çox danışıldığı bir vaxtda baş verən ədalətsizliyə necə göz yummaq olar? Yoxsa şəxsi işlərinə görə tutduğu vəzifədən və ölkə başçısının etibarından sui-istifadə edən, hələ də mənə məlum olmayan bu sifarişçinin qarşısını almaq mümkün deyilmi?

Bu düşmənçiliyin kim tərəfindən olduğunu bilməsəm də bir o məlumdur ki, bu ədavət şəxsi münasibətlərdən yaranıb. Bəlkə də buna başqa bir don geyindiriblər. Amma nəzərə almaq lazımdır ki, 21 yaşından həbsdə olan və dincəlməyə 3 ay vaxtı olan bir insanın hansı qanunsuz hərəkətlərindən söz gedə bilər?

Çox çətin olsa da özünüzü bir anlıq mənim yerimdə təsəvvür edin. Yaşamaq mənim haqqım deyilmi? Vicdanı olan hər bir insan bu baş verənlərə biganə qala bilməz. İnsana bu qədər zülm vermək onu öldürməkdən daha ağırdır.

Başa düşürəm, rəhbərlik qarşısında hesabat vermək vəzifə borcunuzdur. Amma vicdanınız qarşısında hesabat vermək daha vacibdir.

Dövlət ittihamçısı! Təqsirli olduğuna şübhə etdiyiniz bir şəxsi ittiham etmək səlahiyyətinizdədir. Amma tam təqsirsiz olduğuna əmin olduğunuz birini bu qədər incitməyinizə nə gərək var? Axı bu, sizin səhviniz deyil. Bu, tələsik və qeyri-peşəkar qurulmuş bir oyunun nəticəsidir. Çətin də olsa razılaşmaq lazımdır ki, məhkəmə iclasında mənim tam təqsirsiz olmağım sübuta yetirilib. Bunu danmaq qanunu şah sayanlara yaraşmaz!

Əməllərimizi heç olmasa qurduğumuz gözəl cümlələr üzərində nizamlayaq! Heç olmasa kimdənsə asılı olmadığımızı və heç kəsdən aciz olmadığımızı sübut etməyə cəhd edək. Ədalətli qərar çıxarmağa çəkinməyək!

Dönüş yerimiz Allahdır! Kimdənsə yox, Allahdan qorxmaq lazımdır. Bu oyunu hər birimizin başına gətirə bilərlər.

Mənim məhkəmə kollegiyasına heç bir etirazım yoxdur. Çünki ilk gündən bu işə çox ciddi və vicdanlı yanaşıb. Və bunun nəticəsidir ki, bu qədər təkzibolunmaz faktlar aşkarlanıb. Həm şahid ifadələri, həm də ekspert rəyləri mənim təqsirsiz olmağıma bir sübutdur. Ekspert rəylərində qanımdan götürülmüş analizlərdə narkotik vasitələrdən istifadə etmədiyim, sellofon paketlərdə isə mənə aid olan əl izləri olmadığı aşkarlanıb. Hal şahidi kimi dindirilən Samir Səlimov və Natiq Abdurrahmanovun məhkəmə zamanı verdiyi ifadələrdən görünür ki, onlar maşın üzərində aparılan axtarış zamanı iştirak etməyiblər.

Ümumiyyətlə, onlar istintaq zamanı tərtib edilən protokolu təkzib edib və onların adından yalan yazıldığını bildiriblər.

Narkotiklərə Qarşı Mübarizə İdarəsinin  baş əməliyyat müvəkkili Pərviz İmanov məhkəmədə verdiyi ifadəsində həqiqətən mənim üzərimdə axtarış aparılan vaxt mənə aid olan telefon, qol saatı, üzük və sayını dəqiq bilmədiyi sayda xeyli pul olduğunu göstərdi. Yazılı şikayətlərimə baxmayaraq qalan polis işçiləri bunu təkzib etmiş, üzərimdə 2 büküm salafan paketlərdən və 15 manatdan başqa heç bir şeyin olmadığını sübuta yetirməyə çalışdılar.

“Bu qədər pulla toya getmək nə qədər həqiqətə uyğundur?” sualına qrupun rəhbəri Elman Tərlanov “yəqin toya qardaşı Rəşad pul salacaqdı” deyə verdiyi cavab bir daha sübut edir ki, mən toya tək deyil, qardaşımla birlikdə getmişəm.

Amma istintaq zamanı tək olduğum haqda protokol tərtib edilib. Əgər bu fakt yetərli sayılmazsa, mobil operatorlar xidmətindən qardaşım Rəşad və dostum Valehə aid olan telefon nömrələri vasitəsilə onların həmin vaxt hansı əhatə dairəsində olduqlarını dəqiqləşdirmək olar.

Qeyd etmək istəyirəm ki, mənimlə birlikdə olan qardaşım Rəşad və dostum Valeh də həmin vaxt idarəyə aparılıb, onlardan ifadə alınıb. Hər ikisinin məhkəməyə verdikləri ifadələr də bunu təsdiq edir. Çox qəribədir ki, istintaq zamanı həmin ərazidə monitorun yoxlanılmasını təklif etsəm də buna ehtiyac olmadığını bildirdilər.

Bu qədər yalan danışdıqları və saxtakarlıq etdikləri sübuta yetirilən polis əməkdaşlarının heç bir sözünə əhəmiyyət vermək olmaz. Məni şəxsən tanıyan insanlar bilirlər ki, narkotik mənim əxlaqıma və əqidəmə zidd olan bir şeydir. Narkotik alverindən danışmaq isə ağlasığmaz və gülüncdür. Çünki mən 3 ay azadlıqda olduğum müddətdə cəmi 23 gün Bakı şəhərində olmuşam. Bu neçə illərdə şəhərimizin belə dəyişməsini nəzərə alsaq, başa düşərik ki, mənim şəhərdə tək maşın idarə etməyim real deyil. Çünki mən hətta yaşadığım evin yerini tapmaqda belə çətinlik çəkirəm. Əksər vaxtlar Qazaxda, Ağstafada qohumlarımızın evində və Şəki şəhərində istirahətdə olmuşam.

Belə bir qısa müddət ərzində məni narkotiklərlə əlaqələndirmək adıma ləkə yaxmaqdan və asanlıqla həbsə salmaq oyunundan başqa bir şey deyil.

Vicdanı olan hər bir kəs mənim həyat tarixçəmə nəzər salsa başa düşər ki, insan taleyi ilə bu cür rəftar etmək allahsızlıqdır! Bu saxta ittihamlar məni azadlıqdan deyil, artıq həyatdan məhrum etməyə yaxındır. Xahiş edirəm, mənim bu çıxışımı özümə qarşı rəhm yaratmaq kimi başa düşməyəsiniz. Əgər bu ittihamlarda heç olmasa 1 faiz həqiqətə oxşar bir şey varsa, mənə Cinayət Məcəlləsinin ən yüksək həddini tətbiq edin. Əks halda Allah rizası üçün heç nədən və heç kimdən çəkinmədən ədalətli qərar çıxarın”.

*    *    *

İttihama görə, 2013-cü ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbs edilib. Ötən il sentyabr ayının 17-də ona qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub. Ekspert rəyinə görə, A.Kəsəmənlinin narkomaniyadan əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur.

Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1909
avatar

Oxşar yazılar