Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb. Lent.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, buna görə həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.
Nobel qardaşları prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərə imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.
Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.