Daxili İşlər Nazirliyi dünən baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 21-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nicat Ələsgərov idarə etdiyi “Niva Chevrolet” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Qabil Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa iyunun 21-də saat 17 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Samir Əhədov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən qəsəbə sakini Fərda Heydərlini vurub və o, hadisə yerində ölüb. Araşdırma aparılır.
Daha bir ağır yol qəzası Xaçmaz rayonunda baş verib. İyunun 22-də saat 02 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndində rayon sakini Toğrul Məhərrəmovun idarə etdiyi “VAZ-21725” və Şəmkir rayon sakini Tural Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə T.Məhərrəmov hadisə yerində ölüb, digər sürüücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.