Nazir kollegiya iclasında nədən danışdı?
24 oktyabr 2013 19:08 (UTC +04:00)

Nazir kollegiya iclasında nədən danışdı?

Oktyabrın 24-də Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov yüksək demokratik standartlar səviyyəsində keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən ölkə başçısı seçilməsinin son 10 ildə görülən işlərə, hərtərəfli sürətli inkişafa verilən qiymətin təzahürü olduğunu bildirib.

 

O bildirib ki, ötən dövrdə respublika hərtərəfli təmin olunub və ölkəmiz liderlər sırasına çıxıb, həmçinin ədliyyə və məhkəmə sistemi də xeyli təkmilləşdirilib.

 

Nazir bildirib ki, arxada qalan dövrdə Nazirliyin funksiya və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənib, Ədliyyə Akademiyası, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri, xüsusi notariat institutu fəaliyyətə başlayıb, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına müraciət imkanları xeyli asanlaşıb, yeni regional məhkəmələr yaradılıb, hakimlərin sayı 2 dəfə artırılıb, infrastruktur müasirləşdirilib.

 

İclasda prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli nitqində ölkənin gələcək inkişafı ilə bağlı müəyyən etdiyi prioritet istiqamətlərdən irəli gələn vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı qəti mübarizə aparılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, informasiya-kommunikasiya texnologiyalarının, “e-hökumət”in formalaşdırılması, əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və s. məsələlər üzrə konkret tapşırıqları ədliyyə işçilərinin də üzərinə əlavə mühüm məsuliyyət qoyur.

 

Kollegiyada ölkə prezidentinin qarşıda qoyduğu vəzifələrin və tələblərin ədliyyə orqanlarında dürüst və dönmədən icrasını təmin etmək, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ən yeni infrastrukturun yaradılması və qabaqcıl İKT-lərin, xüsusilə elektron ədalət mühakiməsinin tətbiqi, ədliyyə işçiləri tərəfindən qulluq etikası və davranış norma və prinsiplərinə ciddi riayət olunması, Ədliyyə Akademiyasının imkanlarından səmərəli istifadə olunmaqla ədliyyə işçiləri və hakimlərin tədrisinə diqqətin artırılması üzrə konkret tədbirlər müəyyən olunub.

 

İclasda ədliyyə sahəsində işin daha səmərəli təşkili ilə bağlı digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub, həmçinin, bir sıra qeyri-kommersiya təşkilatları qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1837
avatar

Oxşar yazılar