“APA-Economics”in məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edərək gündəliyi elan edib.
İclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2015-ci il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılır.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir. Bundan başqa, iclasda, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
O. Əsədov qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsi “real hadisələr nəzərə alınmaqla tərtib olunub” və sənədin layihəsi parlamentin müvafiq komitələrində müzakirə olunub.
“2015-ci ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çox, 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıq, yəni 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır”, - deyə sədr əlavə edib.
Ziyad Səmədzadə bildirib ki, bu gün dünya iqtisadi və siyasi gərginlik hökm sürür: “Son 10 ildə Azərbaycanın uğurları o qədər əhəmiyyətlidir ki, digər dövlətlər buna nail olmayıb. Azərbaycan iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, ildən ilə beynəlxalq aləmdə imicini möhkəmləndirib. 2015-ci ilin büdcə zərfi Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verir. Büdcə zərfi iqtisadi siyasət komitəsində müzakirə olunub”.