Salyan rayonunda Ələt-Astara yolunun 77-ci kilometrliyində vətəndaşa məxsus “SUPER MAZ” və “KAMAZ” markalı iki yuk avtomobili toqquşub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
“KAMAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdü Cabbarov Mirhadı Abdulqafar oğlu həlak olub, sərnişini xəsarət alıb. “SUPER MAZ” markalı minik avtomobilinin sürücüsü isə yaralanıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralıları və Mirhadı Abdulqafarovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 04:30-da başa çatıb.
Hadisə yerindən qayıdarkən hava şəraiti ilə əlaqədar “MERCEDES” markalı avtomobil yoldan çıxaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər həmin avtomobili xüsusi alət və avadanlıq vasitəsilə təhlükəsiz yerə çəkiblər.