Mayın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimat mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, ilk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir. Filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edib ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb: “Onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Amma Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Belə ki, Böyük Vətən müharibəsi zamanında SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verirdi. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi. Faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb”.
Arzu Əliyevanın sözlərinə görə, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. “Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür”.