Bakıda həbsxanaya qadağan edilmiş əşya keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirli Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 2344.1; 234.4.3; 93.1.4 maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Arzu Rafiq qızı Əskərovanın yanına qısamüddətli görüşə gələn xalası Səlimə Muxtar qızı Muxtarovanın üzərinə baxış keçirilən zaman, cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Buna oxşar bir hadisə 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Nahid Malik oğlu Həmidova vətəndaş Emin Rəsul oğlu Musayev tərəfindən poçt vasitəsi ilə göndərilmiş bağlamaya baxış keçirilən zaman, orada olan 2 ədəd səsgücləndiricinin içərisində gizlədilmiş 1 ədəd “Samsung” və 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.