Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradılıb
15 mart 2014 20:19 (UTC +04:00)

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradılıb

0

Martın 15-də Danimarkanın paytaxtı  Kopenhagendə bir qrup Güney Azərbaycan aydını bir araya gələrək,  Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını bəyan edib.

 

Lent.az-ın Musavat.com-a istinadən məlumatına görə, qurum bununla bağlı bildiriş yayıb: "Bu gün, 15 Mart, 2014-cü ildə Danimarkanın Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycandan olan siyasi mühacir tarixi zərurətdən irəli gələn Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması barədə qərar qəbul edib".

Müvəqqəti Mühacir Parlamenti bəyanat və müraciət qəbul edib, o cümlədən Müvəqqəti Mühacir Parlamentinin məsul heyətini seçib.

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradıldığını elan edən bəyanat yayıb:

“Müasir İran coğrafiyasının böyük bir hissəsi tarixi Azərbaycan torpaqları olmaqla yanaşı, həmin ərazilərdə Türklərin yaşaması danılmaz faktdır.

 

Dünya ictimaiyyətindən bu faktlar gizlədilsə də bu gün artıq çoxlarına bəllidir ki, İran adlanan ərazidə on milyonlarla Azərbaycan Türkü yaşayır və uzun illərdir ki onların mədəni siyasi hüquqları farsçı Tehran rejimi tərəfindən sistemli şəkildə pozulur, on minlərlə insan milli haqlarının pozulması səbəbindən dünyanın müxtəlif ölkələrinə üz tutur, yaşamaq, bərabərlik, dil, muxtariyyət, milli hüquqlarından qəsdən məhrum edilir. 

 

Azərbaycan Türkləri olaraq İran tarixinin uzun dönəmlərində hakimiyyət başında olarkən ərazidə yaşayan xalqların hüquq və bərabərliyinə hörmət etmiş, milli ayrı-seçkiliyə yol verməmiş, millətlərə və etnik qruplara dost əli uzatmışıq.  

 

Lakin, təəssüflə qeyd etmək istərdik ki, on illər uzunu İran deyilən dövlətdə hakimiyyət başında olanlar xalqımızın hüquq və azadlıqlarını, etnik və milli haqlarını kobudcasına pozaraq ayrı-seçkilik siyasətini yürütmüş, millətimizin milli, siyasi, və mədəni hüquqlarını əlindən almış, on minlərlə insan həyatını itirmiş, milyonlarla insan öz ata-baba yurdundan siyasi və milli baxışlarına görə mühacirət etməyə məcbur olmuşlar.

 

Tarixin müxtəlif dönəmlərində Güney Azərbaycan xalqı öz istiqlalını əldə etməyə cəhd etsə də edilən cəhdlər qana boyanmış, on minlərlə insan həyatını itirmiş, yaşayış yerini dəyişməyə məcbur edilmişdir. Tarix boyu dəfələrlə haqlarımız pozulsa da dünya birlikləri, ayrı ayrı dövlətlər bu hadisələrin üstündən sükutla keçmiş İranda haqları tapdalanan soydaşlarımızın ya səsini eşitməmişlər, ya da görməməzlikdən gəlmişlər.

 

Bütün keçilən yolları, mübarizə tariximizi, xalqın arzu və istəklərini nəzərə alaraq 15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhaqen şəhərində toplaşan Güney Azərbaycan siyasi muhacirləri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edir və Güney Azərbaycan dövlətinin hüquqi statusunu müəyyən edilməsi məsuliyyətini də Mühacir Parlamenti öz üzərinə götürür”.

 

Aşağıdakı şəxslər Məsul Heyətinin üzvləri seçiliblər:

 

Firidun Pərvizniya

Mahmudəli Çöhrəqanlı

Nurəddin Qərəvi

Əhməd Obalı

Eldaq Qaradağlı

Abdullah Əmirhaşimi

Mehmet Müştaq

Səməd Fərtaş

Səttar Sevgin.

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti xaricdə yaşayan siyasi mühacirlərə müraciət də qəbul edib.

 

Orada bildirilib: " İllər uzunudur ki, xalqımızın haqq və hüquqları uğrunda yorulmadan mübarizə aparırsınız, bu mücadilədə səhhətinizi, yurd-yuvanızı, doğmalarınızı zərbə altında qoymusunuz. Heç kim, heç bir təhdid və qorxu sizləri mübarizənizdən çəkindirə bilməyib. Vətəninizdən nə qədər uzaq olsanız da Azərbaycan adı, onun insanlarının hüquq və haqları sizin həyatınızın əsas qayəsi, amalı olub.

 

Müxtəlif təşkilatlarda, qurumlarda olsaq da bizi birləşdirən tək amal olub - Azərbaycan. Bu gün Güney Azərbaycanın həmişəkindən daha çox bizim birliyimizə ehtiyacı var. Biz bir olmadıqca, biz gücümüzü birləşdirməyənə qədər Azərbaycanımızın haqlarını ala bilməyəcəyik, vətəndaşlarımızın problemləri həll olunmayacaq.

 

Regionumuzda baş verən hadisələr bizi daha sıx birləşməyə məcbur edir. Hər birimiz üzvü olduğumuz təşkilatların işini davam etdirməklə yanaşı, Güney Azərbaycan adına daha böyük birliyə imza atmalıyıq. Məsul Heyət olaraq bütün siyasi mühacirlərimizi Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti ideyasını dəstəkləməyə və hər birinizi bu ideyanın müəllifi, qurucusu olmağa dəvət edirik.

 

Gücümüz sonsuzdur, yetər ki Azərbaycan adına bir yerdə olaq, birləşək, vətənimizin əsil sahibinə çevrilək.

 

Yaşasın Güney Azərbaycan!"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1128

Oxşar yazılar