İyulun 20-də saat 19:01-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 19:06-da DİN-in “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Dəyirmanlılar kəndində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Lent.az-a verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DİN Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi (3BM26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.