Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bundan başqa, eyni postda idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C220 CDI" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.