Gəncədə geyim əşyaları satılan mağazaya basqın edilib.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Zülfi Hacıyev küçəsindəki mağazaya girən naməlum şəxs, orada satıcı işləyən Qənirə Nəcəfovaya hədə-qorxu gələrək ondan zorla pul və qızıl alıb.
Zərərçəkən Kəpəz Rayon Polis İdarəsinə müraciət etdikdən sonra hadisə ilə bağlı araşdırmaya başlanılıb.
Məlum olub ki, basqın edən şəxs Yevlax rayonu Hürüşağı kənd sakini, 2007-ci ildə 2 il azadlıqdan məhrum edilən 47 yaşlı Kamandar Məmmədovdur. O, mağaza sahibinə hədə-qorxu gələrək, ondan 400 manat pul və 10 qramlıq qızıl boyunbağı alıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kamandar Məmmədov saxlanılıb. Onun barəsində 180.1 (soyğunculuq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.