Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub. Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində həmin kənd sakini, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə tutulub. Əməliyyat zamanı həmçinin onun evinə gəlmiş müştərilər – 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar.
Evə baxış zamanı 700 qram heroin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixotrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Səlim Ağayev ilkin ifadəsində bildirib ki, narkotik maddələrin kütləvi satışı ilə xeyli müddətdir ki, məşğuldur. O, qeyd edib ki, narkotik maddələri İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirib. Araşdırmalarla o da müəyyən edilib ki, Səlim Ağayevin evinə gələn müştərilər narkotik maddələri alaraq elə oradaca qəbul edirmiş. Səlim Ağayev, həmçinin saxlanılan digər şəxslər ifadələrində bildiriblər ki, polis əməkdaşlarının onları yaxalayacağından qorxaraq bu işlə kənarda məşğul olmayıblar. Ələ keçməmək üçün narkotik tərkibli maddələr evdə bişirilib hazırlanıb, elə orda da inyeksiya yolu ilə qəbul edilib.
İstintaq zamanı daha sonra müəyyən edilib ki, Səlim Ağayev pulu olmayan müştərilərə narkotik maddələri girov almaq şərti ilə də verib. Belə ki, bəzi müştərilər mobil telefonlarını, şəxsiyyət vəsiqələrini, digər qiymətli əşyalarını və bəzən də evlərindən oğurlayaraq gətirdikləri bahalı malları Səlim Ağayevin evində girov qoyaraq narkotik maddə alıblar.
Səlim Ağayevin yaşadığı evə baxış zamanı narkobaronların kriminal aləmdə qəbul etdiyi xüsusi emblemlər də aşkarlanıb. Səlim Ağayev bildirib ki, bu emblemləri müştəriləri cəlb etmək üçün daim həyətdə göz önündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.