Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Yerli sakinlərin APA-ya verdikləri mlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.
Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.
Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxananın baş həkinin müavini Səyyad Yusifov isə APA-ya bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. “Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb”, - baş həkimin müavini deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşə verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.
Qeyd edək ki, hadisədən az sonra millət vəkili Qənirə Paşayeva xəstəxanada yaralılara baş çəkib.
***
23.45
Ermənistanla cəbhə xəttinin Tovuz rayonu istiqamətində ağır döyüşlər gedir.
Lent.az-ın xəbərinə görə, musavat.com rayonun Əlibəyli kəndini fasiləsiz olaraq ermənilərin iri çaplı silahlardan atəşə tutması barədə xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, iki kənd sakini yaralanıb, onlardan birinin- Anya Ələsgərovanın vəziyyəti ağırdır.
Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb. Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: “Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər”.
Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir.
Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır: "Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir".
Baş həkim bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. “Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb”.