Dubaydan gətirilən qanunsuz qızıl-zinət əşyaların ölkəyə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.
Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.