Dövlət Komitəsi azyaşlının qaçırılması ilə bağlı araşdırma aparır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 3 yaşlı Zəhra Bağırzadənin qaçırılması ilə bağlı xidməti araşdırma aparılır.
Bu barədə APA-ya Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev məlumat verib.
O bildirib ki, faktla bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub: “Hazırda uşaq və onun ailəsi haqda məlumatlar aidiyyəti qurumdan alınır. Uşağın qaçırılmasında valideyn məsuliyyətsizliyi və s. məsələlər araşdırılacaq. Bundan sonra Dövlət Komitəsi həmin uşağın ailəsinin problemlərinin həlli istiqamətində müəyyən tədbirlər görəcək”.
P.Əliyev qeyd edib ki, uşağın qaçırılmasına şərait yaradan səbəblər müvafiq qaydada müəyyən ediləcək və buna uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z.Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z.Bağırzadəni Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.
436