Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin oğlunun saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib: “Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
O. Mansurzadə, həmçinin qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub: “Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib”.