Dələduzluqda və rüşvətdə təqsirləndirilən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
Dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Azər Əzizovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində Məmmədli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İttiham aktına əsasən, daha əvvəl dörd dəfə məhkumluq həyatı yaşamış A.Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Füzuli Səmədliyə pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.
Bundan başqa, A.Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S.Səmədovun tanışı Mərdan Məhərrəmovdan 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb.
Bu yolla A.Əzizov, ümumilikdə, 10-dan çox adamın pulunu alaraq dələduzluq edib. Həmçinin o, rüşvətə təhrik etmədə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əzizov 4 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
489