Daxili İşlər Nazirliyi Bakıda tutulan cibgirlərlə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçirərək çoxsaylı cibgirlik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfəri yaxalayıb. Bir qrup şəxsin paytaxt ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında cibgirliklə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bir ailənin 4 üzvü - Sumqayıt şəhər sakinləri - 20 yaşlı Məcid Şamilov, onun nənəsi, 63 yaşlı Məleykə Şamilova, anası, 44 yaşlı Mətanət Şamilova və əmisi arvadı, 41 yaşlı Natavan Şamilova cinayət başındaca yaxalanıblar. Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nağd pul və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər hər gün Sumqayıtdan Bakı şəhərinə gələrək çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısı arvadını paytaxta gətirərək avtobus dayanacaqlarında düşürüb. Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların arxası ilə sürərək güdməyə başlayıb. Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə Məcid Şamilov onları avtomobili ilə başqa dayanacaqlara aparıb. Günün sonunda isə cibgirlik yolu ilə əldə edilən pullar bölüşdürülüb.
Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin ciblərini əsasən Məleykə Şamilova soyub. Onun qızı Mətanət Şamilova və gəlini Natavan isə sadəcə vətəndaşların başını qataraq cinayətlərə şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər, sonuncu dəfə isə qadınlar avtobusdan düşüb avtomobilə minmək istəyərkən yaxalanıblar.
Saxlanılarkən həmçinin Məcid Şamilovdan 5 qrama yaxın həşiş qətranı da aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlardan Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
*****
11:26
Bakıda cibgirlikləməşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvəllər məhkum olunmuşlar - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulmuşdur. Şübhəli şəxs M. Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.