Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonunda, düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə Vətən, xalq, dövlət qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən hərbi qulluqçularımız yeni bir tədbirin iştirakçısı olublar.
"Sazları kökləyin "Misri" üstündə, cənnət Qarabağa səfərimiz var!" devizi altında keçirilən tədbirdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani Tovuz rayonunun arxeoloji və memarlıq abidələrindən, folklor və etnoqrafiyasından, ümumiyyətlə, Azərbaycan tarixində tutduğu yerdən geniş söhbət açaraq döyüşçüləri maraqlandıran sualları cavablandırıb.
Ön səngərdə Tovuz aşıqları Muğdəd Yusifovun, Lətif Tağıyevin, Aşıq Əkbərin yadigarı Cahandar Cəfərovun ifa etdikləri "Döşəmə Koroğlu", "Qəhrəmanı", "Koroğlu bozuğu", "Göyçəgülü", "Yanıq Kərəmi", "Ruhani" əsgərlərdə xoş ovqat yaradıb. Balaca aşıq Amal Tovuzlu "Misri" havasını bir özgə şövqlə ifa edib.
Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Ruhumuzun qələbəsi naminə" və "Ordu xalqın, xalq ordunun dayağı" kitab-albomları hədiyyə edilib.
Şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.