Bulvarda dostların pulunu zorla alıb, "halallıq" istədilər
19 noyabr 2014 10:51 (UTC +04:00)

Bulvarda dostların pulunu zorla alıb, "halallıq" istədilər

Bakıdakı Dənizkənarı Milli Parkda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən iki gənc saxlanılıb. APA TV-nin məlumatına görə, Mustafayev Adil Aqil oğlu dostları ilə bulvarda gəzərkən onlara iki nəfər yaxınlaşıb. Həmin şəxslər dostlara hədə-qorxu gəliblər və pullarını tələb ediblər. Dörd dostun cibindən 10 manat çıxıb və onlar həmin pulu iki nəfərə veriblər. Adil Mustafayev hadisədən dərhal sonra Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib. O bildirib ki, pullarını alanların əlində bıçaq olub. Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar və hər iki şəxs saxlanılıb.

 

Məlum olub ki, həmin şəxslər 1993-cü il təvəllüdlü Abbasov Tural Fariz oğlu, digəri isə Musayev Niyazi Yadigar oğludur.

 

Saxlanılanlar Cəlilabad rayon sakinləridir. Onlar ifadələrində bildiriblər ki, ayrı-ayrılıqda Bakıya iş dalınca gəliblərmiş. Amma iş tapa bilmədiklərindən rayona qayıtmaq üçün pul axtarmağa başlayıblar. Maraqlıdır ki, həm 21 yaşlı Tural Abbasov, həm də 20 yaşlı Niyazi Musayev hədə-qorxu ilə pul tələb etdiklərini inkar edirlər. Daha doğrusu, onların dediklərinə inansaq, bulvarda istirahət edən dörd nəfərə yaxınlaşaraq, "İmkan varsa, bizə pul verin" deyiblər, onlar isə ciblərindəki pulun hamısını Tural və Niyaziyə veriblər.

 

Tural onu da deyib ki, pulu alandan sonra halallıq istəyib. Amma özü də nəticə çıxarır ki, "görünür, halallıq verməyib deyə polisə şikayət edib". Saxlanılan şəxslər zərərçəkənləri bıçaqla hədələdiklərini də inkar ediblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931
avatar

Oxşar yazılar