Bu il ölkə ərazisində ən çox avtomobil qəzası baş verən magistral yolun adı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 2013-cü ildə ən çox yol qəzası Bakı-Ələt yolunda qeydə alınıb.
Hesabat dövründə avtomobil qəzalarında ölüm sayı ən çox Bakı-Şamaxı və Gəncə-Qazax avtomagistrallarında qeydə alınıb. Belə ki, ötən il Bakı-Şamaxı yolunda 31 yol qəzası baş verib. Nəticədə 41 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.
Şöbə rəisi həmçinin bu ilin ilk 10 ayında ən çox ölüm və hadisə sayının üstünlük təşkil etdiyi yol qəzalarının Bakı-Şamaxı və Bakı-Ələt avtomagistrallarında qeydə alındığını bildirib. Bakı-Şamaxı avtomagistralında bu il 31 yol qəzası baş verib. Nəticədə 39 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb. Bakı-Ələt avtomagistralında isə 28 hadisə qeydə alınıb. Nəticədə 30 nəfər ölüb, 23 nəfər yaralanıb.
K.Əliyev Bakı-Şamaxı yolunda baş verən qəzaların çox olma səbəbini qarşılıqlı hərəkət zolağı olması ilə izah edib.