BMT-yə Bütöv Azərbaycanla bağlı müraciət olundu
13 fevral 2013 16:34 (UTC +04:00)

BMT-yə Bütöv Azərbaycanla bağlı müraciət olundu

Türkmənçay müqaviləsinin 185 illiyi ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına müraciət qəbul olunub. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, 1828-ci ildə çar Rusiyası ilə Qacar mütləqiyyəti (indiki İran) arasında gedən müharibə nəticəsində tarixi Azərbaycan torpaqları ikiyə - şimali və cənubi Azərbaycana bölünüb. Bununla da Şimali Azərbaycan çar Rusiyasının, Cənubi Azərbaycan isə hazırda İran İslam Respublikası adlanan ölkənin işğalı altına düşüb: “Çar Rusiyası tərəfindən işğal və ilhaq olunmuş Şimali Azərbaycan torpaqlarında isə Azərbaycan Demokratik Respublikası qurulub. Bununla da tarixi Azərbaycan torpaqlarının iki mütləqiyyət arasında bölünməsini təmin edən "Türkmənçay" müqaviləsi tərəflərdən birinin - Rusiyanın bu müqavilədən imtina etməsi nəticəsində hüquqi və siyasi əhəmiyyətini itirib”.

 

Müraciətdə həmçinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirilən işğal və assimilyasiya siyasətinə son qoyulmasının vacibliyini, Azərbaycan xalqının vahid bir dövlətdə yaşamaq istəyini nəzərə alaraq, tarixi Azərbaycan torpaqlarında vahid Azərbaycan dövlətinin yaradılması məsələsini BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının gündəliyinə çıxarılması xahiş olunur.

 

Xatırladaq ki, BMT-ə müraciətin hazırlanması barədə qərar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) fevralın 8-də "Türkmənçay" müqaviləsinin 185 illiyi ilə bağlı təşkil etdiyi dəyirmi masada qəbul olunub.

 

Dəyirmi masada Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Azərbaycan Demokrat, Ədalət partiyalarının, Dünya Azərbaycanlıları Konqresinin, Bütöv Azərbaycan Ocaqlarının, Güney Azərbaycanı təmsil edən təşkilatların, Azərbaycan Respublikasında fəaliyyət göstərən ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar