Bakıda silsilə cinayətlər törədən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində yaşayış evlərini talamaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub.
Şübhəli şəxs ətrafında aparılmış əməliyyat istintaq tədbirləri ilə müəyyən olunub ki, o bu əməlləri oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulmuş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib. İstintaq araşdırmaları sübut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, “noutbook” və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, “noutbook” və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və “noutbook”, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da saat Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları, sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən, açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.