Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi başverib. Z.Bünyadov prospektində yerləşən kafedə mügənni Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində qeydə alınıb. Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".
Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".
APA TV-nin xəbərinə görə, yaralını dostları xəstəxanaya çatdırıblar.
Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
*****
11:34
Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Aşıq Qurban küçəsində iki nəfər naməlum şəxs, orada kirayədə yaşayan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Pavel Bardinə bıçaq xəsarəti yetirib. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Ərşad Qurbanov və 1998-ci il təvəllüdlü Əziz Qəribov tutulublar.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.