Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 8-də saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospektində Neftçala rayon sakini Şirxan Paşayev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "Zontes" markalı motosikletlə qoşa xəttin üzərinə çıxıb qarşıda gedən Bakı şəhər sakini Aidə Əliyevanın idarə etdiyi "Seat İbiza" markalı avtomobilin güzgüsünə toxunduğundan idarəetməni itirərək əks istiqamətdə hərəkət edən Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Paşayev hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Tuncay Tağıyev polis kapitanıdır.
*****
10:14
Bakıda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində Tuncay Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Şirxan Paşayevin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə 1994-cü il təvəllüdlü Şirxan Paşayev ölüb.
APA-nın məlumatına görə, minik avtomobilinin sürücüsü T. Tağıyev Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin təhqiqatçısı, polis kapitanıdır.
*****
9 aprel
Bakıda ağır yol qzası baş verib. Lent.az xəbər verir ki, dünən axşam Binəqədi rayonu ərazisindəki yol kəsişməsində "Mercedes" markalı minik avtomobili motosikleti vurub. Nəticədə motosiklet bir neçə metr qarşı tərəfə düşüb. 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.