Bu gün Daxili İşlər Nazirliyindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonunda, “Baksol yolu” adlanan ərazidə 21 ədəd tüstü qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Keşlə Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Keşlə Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "ADY Container" MMC-nin inzibati ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd əl tüstü qumbarası (RDQ2-Ç) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tüstü qumbaraları tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.