AzTV-də YENİ TƏYİNATLAR: tanınmışlar iş başında
"Azərbaycan Televizya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtilə televiziyadan ayrılmış tanınmış diktorlardan yenidən işə götürüb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bunlardan Həqiqət Əsgərzadə Mədəniyyət TV -də “Yada düşər xatirələr” verilişi ilə fəaliyyətinə qaytarılıb. Kəmalə Hüseynova Kinoproqramlar və Dublyaj Redaksiyasında redaktor, Nərgiz Cəlilova və Azərbaycan Radiosunda verilişlər aparan Roza Tağıyeva isə Teleradio Akademiyasında müəllim kimi də fəaliyyətə başlayıblar.
Bildirilir ki, AzTV son aylar aparılan islahatlar çərçivəsində daim peşəkarların fikir və rəylərinə önəm verir. Bu yaxınlarda AzTV rəhbərliyi tərəfindən bir qrup tanınmış diktorlarla keçirilən görüşdə də məqsəd onlarla fikir mübadiləsi, aparılan islahatlarda rəy və təkliflərinin dəyərləndirilməsi olub.
Bundan başqa, QSC veriliş və tok-şuolar ilə bağlı da islahatları davam etdirir ki, bunlar arasında da ən prioritet sahələrdən biri gənclər və hərbi-vətənpərvərlikdir. Bu səbəbdən yeni yaradılan “GəncSən”, “Nəsillərin debatı”, "Döyüşçü" kimi tok-şoular artıq efirə çıxır. Eyni zamanda, Azərbaycan Radiosunda “Əsgər istəyi”, “Hərb tariximizdən”, “Vətən yaşasın” verilişləri çeşidli mövzularla efirdədir. Hətta son vaxtlar aparılan islahatlar nəticəsində bu verilişlərdən “Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfə efirə çıxır.
Azərbaycan Televizya və Radiosu bundan sonra da gənclik, hərbi vətənpərvərlik mövzusunu daim prioritet sahə kimi diqqətdə saxlayacaq.
1646