Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, 30 may 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılmış, hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəxsin ayaq izləri aşkar edilib.
Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.
Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.