Azərbaycan vətəndaşları Nepaldan təxliyə edildi
01 may 2015 08:47 (UTC +04:00)

Azərbaycan vətəndaşları Nepaldan təxliyə edildi

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.

 

APA TV-nin məlumatına görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib. Təxliyə olunan Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirən təyyarə mayın 1-i, Bakı vaxtı ilə 07:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Nepalda baş verən dəhşətli zəlzələnin yaratdığı çətinliklərdən danışan ailələr yardıma görə, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Zəlzələ baş verən gündən çöldə gecələdiklərini deyən azərbaycanlı ailələr dağıntılar altında hələ də cəsədlərin çıxarıldığını bildirdilər. Onlar həmçinin qeyd etdilər ki, Azərbaycanın da göndərdiyi humanitar yardım Nepala çatıb vəzəlzələdən zərərçəkmiş nepallılara paylanılıb.

 

Son məlumata görə, Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb. Ölənlərin sayının 10 mini keçəcəyi istisna edilmir.

 

 Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

 

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Nepal hakimiyyəti xarici ölkələrə humanitar yardımla bağlı müraciət edib. Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar