Aygün Bəylərin qohumunu öldürməkdə təqsirləndirilən şəxsin şikayəti icraata verildi
Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsinin ölümündə təqsirli bilinən Elnur Alxazov barəsindəki hökmdən kassasiya şikayəti verib.
APA-nın məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Daha sonra Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 5 il, F.Məmmədzadə 15 il, E.Alxazov 15 il, R.Əsirov 15 il, C.Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb.
Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
1047