“Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqanın cari mövsümündə 8-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la bu gün keçirilən səfər oyununda hesabı açan 34 yaşlı legioner karyerasının rekordunu təkrarlayıb.
Belə ki, o, indiyədək bir mövsümdə 8-dən artıq çempionat qolu vurmayıb. 2005/06 mövsümündə “İliçevets”də bu qədər qola sevinən Qay ötən çempionatda da rekordunu təkrarlamışdı. 2014/15 mövsümünü “Çernomorets”də başlayıb, “Qəbələ”də bitirən orta sahə oyunçusu hər komandada 4 dəfə fərqlənmişdi.
Bununla da Aleksey ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə çempionatda 8 qol vurur. Mövsümün sonuna 5 tur qaldığından onun rekordu yeniləmək imkanı da var.
Qay 8-ə çatmaqla həm də klubunun cari mövsüm Premyer Liqada ən məhsuldar oyunçusu olub. O, 7 qol vuran Aleksey Antonovu arxada qoyub.