Öümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Musayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az.-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Z. Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.
Daha sonra onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilərək azadlığa çıxıb.