“Hacı İbrahim Nehrəmli 12 gündür ki, həbsdədir”
24 may 2015 21:05 (UTC +04:00)

“Hacı İbrahim Nehrəmli 12 gündür ki, həbsdədir”

Azərbaycanlı biznesmen Hacı İbrahim Nehrəmli mayın 12-si saat 13:00-dan etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

 

Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Hacı İbrahimin həyata keçirdiyi “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov deyib.

 

Q.Əhmədovun sözlərinə görə, oliqarxın azad olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

“Mən bilmirəm Hacıya kim zəng vurub və onunla telefonla danışıb, bunu isə dəqiq bilirəm ki, Hacı İbrahim artıq 12-ci gündür ki, həbsdədir” - deyə Qurban Əhmədov bildirib.

 

Q.Əhmədovun sözlərinə görə, oliqarxa qarşı həbs-qətimkan tədbiri seçilib, amma ona qarşı hələ də rəsmi ittiham irəli sürülməyib.

 

Bununla belə,  Q.Əhmədovun sözlərinə görə, söhbət Beynəlxalq Banka olan kreditlərin vaxtından əvvəl qaytarılmasından gedir. Bu kreditlərin həcmi isə 57 milyon dollar təşkil edir.

 

“Bu kreditlərin ödənmə vaxtı 2019-cu ildə başa çatır. Amma biznesmendən borclarını dərhal ödəməyi tələb edirlər” - deyə Q.Əhmədov bildirib.

 

“Khazar İslands” layihəsinin rəhbəri virtualaz.org saytına açıqlamasında oliqarxın ölkədən qaçmağa cəhd göstərməsi barədə yayılan məlumatlara da münasibət bildirib və bu xəbərləri təkzib edib. Deyib ki, Hacı İbrahimin qaçdığı deyilən vaxtda o, həbsdə olub.

 

Q.Əhmədovun sözlərinə görə, Hacı İbrahim kredit üzrə faiz borclarını da vaxtında ödəyirdi. O, həbsindən qabaq Beynəlxalq Banka faiz kimi 1,5 milyon manat ödəyibmiş.

 

Yada salaq ki, APA informasiya agentliyi bir neçə gün bundan əvvəl Hacı İbrahim Nehrəmlinin həbsdən azad olması barədə xəbər yaymışdı.

 

 

Qeyd: APA-nın 15 may tarixli  xəbəri: "Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb".

 

Bunu “APA-Economics”ə açıqlamasında iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.

 

O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata  keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı 2019-cu ildə başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".

 

 

İ. İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

 

Göründüyü kimi, bu xəbərin heç bir hissəsində Hacı İbrahim İbrahimovun həbsdən azad olunması, açıqlamanı hardan verməsi haqqında bir cümlə də qeyd edilməyib.

 

Eyni zamanda xəbərdə  İbrahim İbrahimov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib ki, virtualaz.org saytının bugünkü xəbərində də eynilə qeyd edilib.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar