“Azərbaycanda olan erməni ailəsini qəbul edəcək ölkə hələ ki, tapılmayıb”
“Azərbaycanda olan erməni ailəsinə qarşı beynəlxalq humanitar hüquq normaları əsasında davranılır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F. Sadıqov bildirib ki, Azərbaycan tərəfi həmin ailəni 4 ildir ki, qaçqın kimi saxlayır: “O insanlar öz ölkələrindən baş götürüb qaçmaq istəklərini əvvəldən bildiriblər. Onların saxlama şəraitindən ictimaiyyətin, mətbuatın məlumatı var. Onların üçüncü ölkəyə getməsi bizim komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid deyil. Bu məsələ ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan üzrə nümayəndəliyi məşğul olur. Lakin onu deyə bilərəm ki, onları qəbul edəcək ölkə hələ ki, tapılmayıb” .
Qeyd edək ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər və üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.