Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1956-cı il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Bandorenko Yuriy Aleksandroviç hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Y.Bandorenkonun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.