Dövlət Sərhəd Xidməti tərəfindən son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmalçılıqla narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a verilən məlumata görə, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı Yunanıstana məxsus daimi yaşayış vizasının saxta olması təsdiqlənib.
İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı - 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.
İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Rüspublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Salyan rayonunun sakini 1966-cı il təvəllüdlü Hüseynov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dərman olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.
İyulun 22-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan gələn Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğlunun idarə etdiyi “Mersedes” markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çənində gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olunuub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.