Bakıda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasına zəng edən naməlum şəxs Mərdəkan qəsəbəsində bir nəfərin bıçaqlandığını bildirib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib və yaralı xəstəxanaya gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs 22 yaşlı Ceyhun İbrahimovdur. Dərhal əməliyyat olunan gəncin həyatını xilas etmək mümkün olub.
Xəstəxanadan hadisə ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib. İstintaq sirri olduğundan şübhəlinin adı hələlik açıqlanmır.
İlkin məlumata görə, əvvəldən tanış olan tərəflər arasında münaqişə şəxsi münasibətlər zəmnində baş verib.