Tərtər rayon İcra Hakimiyyətinin baş memarı cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirlərilə Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.