Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.
AQTA-dan Lent.az-a verilən xəbərə görə, hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.
Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, dünən Ağstafada şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 40 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.