Rusiyada iş adamı və mühafizəçilərin qatillərinə kömək etdiyi üçün həbs edilən Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, 60 yaşlı Vladimir Novqorodtsevin işi ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, 2004-cü il oktyabrın 6-na keçən gecə Odintsovo rayonunun Trubaçeevka kəndində iş adamı, onun mühafizəçisi və sürücüsünün həyatına qəsd edilib. İş adamının evinin yaxınlığında bomba qoyulub. “Mercedes” markalı avtomobil bombanın qoyulduğu yerə yaxınlaşanda partladılıb.
İstintaq hesab edir ki, keçmiş polkovnik sui-qəsddə iştirak edib və bu hadisədən sonra cinayətkarı maşına mindirərək, gizlədib.
Qeyd olunur ki, Tver vilayətində ehtiyatda olan polkovnikin şəxsi evində axtarış zamanı təhlükəsizlik qüvvələri böyük bir arsenal - silahlar, həm zavodda, həm də evdə hazırlanmış partlayıcı qurğular, partlayıcı maddələr ələ keçirib.
Moskvanın Basmannı məhkəməsi Novqorodtsevi iki ay müddətinə həbs edib.