Həmkarının ad günündən qayıdan Rusiya Daxili İşlər Nazirliyinin Kirov vilayəti üzrə rəis müavini Andrey Voronov sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Andrey Voronovun idarə etdiyi “Audi Q5” markalı avtomobil aprelin 23-nə keçən gecə Moskva və Proizvodstvennaya küçələrinin kəsişməsində saxlanılıb.
Qeyd olunur ki, Voronov yol polisi əməkdaşları tərəfindən təqib edilməsinə baxmayaraq, uzun müddət dayanmaq istəməyib. Daha sonra o, təqibi dayandırmaq qərarına gəlib, avtomobildən düşüb və polisi rəsmi vəsiqəsini göstərərək onu buraxmağa razı salmağa çalışıb. Lakin müfəttişlər Voronovu tibbi müayinəyə göndəriblər. Nəticələr polkovnikin sərxoş olduğunu göstərib. Onun barəsində protokol tərtib edilib.
Həmçinin bəzi məlumatlara görə, Voronov vəzifədən qovula bilər.