"Paylaşımı silmək üçün 10 min istədi" - Nazim Quliyevin MƏHKƏMƏSİ
31 yanvar 2025 18:00 (UTC +04:00)

"Paylaşımı silmək üçün 10 min istədi" - Nazim Quliyevin MƏHKƏMƏSİ

Dələduzluqda təqsirləndirilən, "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Məleykə Həsənova bildirib ki, Nərimanov rayon 16 nömrəli poliklinikada tibb bacısı işləyir:

"Mənim və oğlumla olan şəklimi TikTokda paylaşmışdılar. Altına çox pis ifadələr yazılmışdı. Orada nömrə qoyulmuşdu. Zəng etdik ki, bu paylaşımı silin yoxsa qanun qarşısında cavab verməli olacaqsız. O isə dedi ki, qanun özü elə mənəm. Yoldaşım bununla polisə şikayət ərizəsi yazdı. Nazim ilk olaraq bu paylaşımı silmək üçün məndən 10 min istədi və 7 min manat üzərində dayandıq. Kart atdı və biz o pulu göndərdik".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib. 

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341

Oxşar yazılar