Qubada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər - paytaxt sakinləri Sahil Məmmədov, Hüseyn Məmmədov və 1 nəfər Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar.
Onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etdikləri məlum olub.
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs-qətimkan tədbirləri seçilib.