Bu gün Laçında şəhid olan əsgərin hansı rayondan hərbi xidmətə çağırıldığı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu 4 ay əvvəl Şəmkirdən həqiqi hərbi xidmətə çağırılıb.
O, sabah doğulduğu Qaracəmirli kəndində torpağa tapşırılacaq.
Kazımov Anar Rüstəm oğlu
***
saat 12:16
Baş Prokurorluq Laçında ermənilərin törətdiyi təxribatla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Allah rəhmət eləsin!
***
saat 11:41
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!
Allah rəhmət eləsin!
Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.