“Kontakt Home” mağazasında ərinin bıçaqladığı qadın  məhkəmədə nələr dedi
15 iyul 2026 18:25 (UTC +04:00)

“Kontakt Home” mağazasında ərinin bıçaqladığı qadın məhkəmədə nələr dedi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkən Leyla Quliyeva təqsirləndirilən Fəxrəddin Quliyevlə münasibətlərinin pisləşməsinə səbəb kimi onun borclarını, yalanlarını əsas gətirib:

"Fəxrəddinin yalanları o Avropaya gedəndən sonra başladı. Mən ona dedim ki, səninlə yalanlarına, ailədə davranışlarına görə yaşamaq istəmirəm. Deyirdi ki, "Ya mənimlə barış, ya da səni yaşamağa qoymayacam. Boşansan, səni insan içinə çıxa bilməyəcək dərəcədə şərləyəcəm". 

Hamının içində - istər işdə, ailə və uşağın yanında məni pis söyüşlərlə təhqir edirdi. Gəlib deyirdi ki, borcum var, verməsəm məni məhkəməyə verəcəklər. Atam da əlində-ovcunda olanı ona verirdi ki, gedib borcunu bağlasın. Amma bir müddət keçəndən sonra mənə zəng gəlirdi: "Xanım, yoldaşınızın borcu qaytarmaq fikri yoxdur?"

Bilmirdim bu pullar hara gedir ki, borclar ödənmir. Amma gəzməyindən də qalmırdı, mənə hər gəzdiyi yerdən şəkillər göndərirdi. Hay-küy salıb deyirdi: "Mən hakim, icra tanımıram,  istədiyim kimi uşağı görməliyəm". 

Uşağın kurs və dərs saatlarına görə bu onun istədiyi vaxt mümkün deyildi. Hadisə günü işdə idim, iş yoldaşlarım mənə dedilər ki "Leyla, çölə çıxma. Yoldaşın gəlib, çox əsəbidir". Bir də gördüm Fəxrəddin içəridədir və bıçaqla üstümə cumdu. Qorumaq üçün başımı əlimlə tutanda, bıçaq əlimə dəydi. Bu günə kimi də barmaqlarımı normal işlədə bilmirəm. Yalvarırdım ona, deyirdim ki, etmə, uşağımız var. Üstümə cumurdu ki, "Sən yaşamamalısan, ölməlisən".

Şahid X.E. zərərçəkənin çalışdığı iş yerində müdir kimi çalışdığını bildirib:

"Hadisəni görməmişəm. Fəxrəddin daha əvvəl də mağazaya gəlirdi. Çöldə münaqişələri olurdu, polis gəlib aparırdı".

Şahid O.M. zərərçəkən L.Quliyevanın iş yoldaşı olduğunu deyib:

"Hadisəni tam olaraq görməmişəm. Səs-küyə yaxınlaşanda, Leyla xanımı yerdə yıxılmış, Fəxrəddini də əlində bıçaq onun başının üstündə gördüm. O öz-özünə deyirdi: "Mən istəmirdim belə olsun".

Növbəti proses iyulun 29-u saat 14:00-a  təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib. Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çataraq, kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar