Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən, xüsusilə külli miqdarda narkotik vasitə - 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.